Polad HөşimovCəbrayıl Dövlətzadə

Şəhidlər

Şəhidlik adi ölüm deyil, Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Şəhidlik verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Müqəddəs Quranda buyurulur ki, şəhidlik və qazilik peyğəmbərlərdən sonra gələn adlardır.İndi ölkəmizdə, hətta xaricdə yaşayan elə bir azərbaycanlı tapmaq olmaz ki, Mübariz İbrahimovu tanımamış olsun. Keçən ilin bu vədələrində onun göstərdiyi qəhrəmanlıq haqqında söhbətlər ildırım sürəti ilə hər tərəfə yayıldı. Hər yerdə, hər ailədə Mübarizin igidliyindən danışılmağa başlandı.Çox çəkmədi Prezident İlham Əliyevin 22 iyul 2010-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətə və göstərdiyi rəşadətə görə Mübariz İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı verildi. Həmin tarixli digər sərəncamla isə Biləsuvar rayonundakı orta məktəblərdən və küçələrdən birinə qəhrəmanın adının verilməsi tapşırıldı. Dövlətin Vətən oğluna verdiyi qiymət xalqın ürəyincə oldu. Bakıdan, ayrı-ayrı rayonlardan, qəsəbə və kəndlərdən insanlar, habelə Rusiyada, Türkiyədə, digər xarici ölkələrdə yaşayan soydaşlarımız Biləsuvar rayonunun Əliabad kəndinə - Milli Qəhrəmanın ata yurduna, Ağakərim kişinin ocağını ziyarət etməyə axışdı. "Başınız sağ olsun, belə igid, vətənpərvər oğul böyütdüyünüzə görə qarşınızda baş əyirik" - dedilər. Haqqındakı xatirə kitabında yüzlərlə ziyarətçinin ürək sözü yazıldı. Budur, xalq sevgisinin, məhəbbətinin parlaq ifadəsi. Biləsuvar rayonunun mərkəzindəki müasir tipli lisey-məktəb Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyır. Təhsil ocağının həyətində qəhrəmanın qranitdən yonulmuş heykəli ucaldılmış, binanın birinci mərtəbəsində onun fotoşəkillərindən, haqqındakı kitablardan ibarət guşə yaradılmışdır. Həmid Babayev rayonun Bəydili kəndindəndir. Artıq 2 ildir, məktəb-liseydə təhsil alır. Dərs əlaçısıdır. Növbəti dərs ilində XI sinifdə oxuyacaq. O, həmyerlisi ilə fəxr etdiyini bildirdi. Dedi ki, Vətən müqəddəsdir, əzizdir. Onu göz bəbəyi kimi qorumaq hər birimizin müqəddəs borcudur. Məşhur bir şeirdə deyildiyi kimi, "Vətəni sevməyən insan olmaz, olsa da, ol şəxsdə vicdan olmaz". Bir iş də var ki, Vətəni sevmək təkcə ölümə getmək deyil. Öz biliyinlə, bacarığınla da xalqa xidmət edə bilərsən. Bizim gənc nəslin vəzifəsi yaxşı oxuyub, gələcəkdə yaxşı mütəxəssis, vətəndaş olmaqdan ibarətdir.Fuad Abbasov isə Cəlilabadın Uzuntəpə kəndindəndir. Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan məktəbdə oxuması ilə qürur hissi keçirdiyini, habelə həmyerliləri şəhid Fərid Əhmədov və Əhməd Abdullayevlə fəxr etdiyini dedi. O da sinif yoldaşı Həmid Babayevin fikrini müdafiə etdi. Sülh şəraitində Vətənə elmlə, zəhmətlə xidmət eyməyin, müharibədə silaha sarılıb Mübariz kimi düşmənin üstünə atılmağın lazım gəldiyini söylədi.Biləsuvar şəhərindəki mərkəzi küçələrdən biri Mübariz İbrahimovun adını daşıyır. Bu küçədə ötən bir il ərzində neçə-neçə toy-düyün olub. Neçə körpə dünyaya göz açıb. Ata-analar oğlan uşaqlarına Mübariz adını qoyublar. Küçə başdan-başa təzələnib.Evlərin divarları, hasarlar gülbax daşı ilə bəzədilib, səkilərə tamet döşənib. Hazırda burada işlər davam etdirilir. Yaxın vaxtlarda müasir işıqlandırma sistemi qurulacaq. Bunlarla bərabər, qəhrəmanınoxuduğu Əliabad kənd orta məktəbi hazırdaəsaslı şəkildə yenidən qurulur.