Azərbaycan riyaziyyatçılarıDünya riyaziyyatçıları

Dünya riyaziyyatçıları

Alan Türinq

Alan Metison Türinq (ing. Alan Mathison Turing [ˈtjʊərɪŋ]; 23 iyun 1912[3][4][5][…], Meyda-Veyl[d], Böyük London[6] – 7 iyun 1954[3][4][5][…], Uimslou[d], Çeşir[d][3]) — informatika elminin inkişafına mühüm təsir göstərmiş ingilis riyaziyyatçısı, məntiqçi və kriptoqrafı. Britaniya İmperiyasının Ordeni kavaleri (1945) və London kral cəmiyyətinin üzvü (1951)[7]. Alimin 1936-cı ildə təklif etdiyi və hal-hazırda bütün ümumi təyinatlı kompüterlərin modeli sayılan mücərrəd "Türinq hesablama maşını"[8], alqoritm anlayışı formallaşdırmağa imkan vermiş və indiyə qədər keçirilən çoxlu nəzəri və təcrübi tədqiqatlar zamanı istifadə olunmuşdur[8][9][10]. A.Türinqin elmi əsərləri – informatikanın əsaslarına (və xüsusilə süni intellekt nəzəriyyəsinə) verilən həqiqi töhfədir[11]. İkinci Dünya müharibəsi zamanı Alan Türinq Bletçli parkda yerləşən və kod və şifrləri tədqiq edən Hökumət məktəbində işləyirdi; həmin bu mərkəzdə Berlin-Roma-Tokio oxu tərəfindən yaradılan çoxsaylı kod və şifrlər sındırılırdı (bunu elmi dildə kriptoanaliz adlandırırlar). Bundan başqa o, Almaniya hərbi dəniz donanması tərəfindən göndərilən məlumatların kriptoanalizinə cavabdehlik daşıyan xüsusi Hut 8 qrupuna rəhbərlik edirdi. Türinq müdaxilə və deşifrə üçün bir sıra metodları işləyib hazırlamışdır, o cümlədən, Bombe alətinin nəzəri bazası üçün (Bombe – Eniqma kodunun oxunması məqsədilə yaradılmış elektron-mexaniki maşındır). Müharibədən sonra Türinq Milli fizika laboratoriyasında çalışmışdır; burada onun layihəsi üzrə ACE proqramını yaddaşında saxlayan dünyanın ilk kompüterinin yaradılması həyata keçirilmişdir. 1948-ci ildə alim Mançester Universitetinin hesablama laboratoriyasında çalışan Maks Robert Nyumanın yanına işə düzələrək, məşhur "Mançester kompüterlərinin" yaradılmasında ona köməklik göstərmiş[12], bir müddət sonra isə riyazi biologiya nəzəriyyəsi ilə maraqlanmışdır. Türinq morfogenezin kimyəvi əsası haqqında elmi iş nəşr etdirmiş və ilk dəfə 1968-ci ildə elm aləminə məlum olmuş Belousov-Jabotinski reaksiyası kimi rəqsi hərəkət halında kimyəvi reaksiyanın meydana gəlməsini əvvəlcədən xəbər vermişdir. Süni kompüter intellektinin qiymətləndirilməsi üçün, o, 1950-ci ildə Türinq testinin təcrübədən keçirilməsini təklif etmişdir[9]. 1952-ci ildə "Labuşer düzəlişinə" uyğun olaraq (bu düzəlişə əsasən, homoseksual şəxslər hakimiyyət tərəfindən təqib olunurdular), Alan Türinq "kobud ədəbsizlik" ittihamları üzrə təqsirli bilinmişdir. Türinqə həbs cəzası ilə seksual libidonu boğmaq üçün məcburi hormonal terapiya arasında seçim hüququ verilmişdir. Alim sonuncu variantı seçməyə məcbur olmuşdur. Alan Türinq 1954-cü ildə sianidlə zəhərlənərək ölmüşdür. İstintaq Türinqin intihar etdiyini müəyyənləşdirmişdir, halbuki alimin anası hesab edirdi ki, baş verənlər təsadüfdən başqa bir şey deyildi. Alan Türinq həmçinin "Böyük Britaniyada homofobiyanın ən məşhur qurbanlarından birisi" kimi məşhurlaşmışdır[13]. 2013-cü il dekabrın 24-də Türinq ölümündən sonra Böyük Britaniya kraliçası II Yelizaveta tərəfindən əfv olunmuşdur[14][15]. Alimin şərəfinə təsis edilmiş Türinq Mükafatı (ing. Turing Award) – informatika sahəsində dünyada ən nüfuzlu mükafat hesab olunur..