Üzeyir HacıbəyovMüslüm Maqomayev

Azərbaycan xalq musiqisi.

Azərbaycan xalq musiqisi — Azərbaycan və onun Avropa və Asiyada olan keçmiş ərazilərində yaşamış bütün sivilizasiyaların fərqli mədəni dəyərlərini özündə birləşdirir. Onun unikal quruluşuna bir çətir altında regional fərqlər daxildir. Azərbaycan xalqının musiqi-poetik yaradıcılığının ən qədim və önəmli janrlarından olan mahnılarda onun pak, yüksək mənəviyyatı, daxili aləmi, arzuları, ümidləri əks olunmuşdur.

Tarixi

Azərbaycan xalq mahnılarının elmi tədqiqi bu janrın yüzlərlə nümunələrini toplayıb nəşr etdirmək işi ilə sıx bağlıdır.[2] Üzeyir Hacıbəyov və Müslüm Maqomayevin bu istiqamətdə göstərdikləri ilk təşəbbüs 1930-cu illərdə böyük səylə davam etdirilmişdir.[2] Xalq musiqi nümunələrini toplanılması sayəsində Bülbülün yaratdığı və rəhbərlik etdiyi elmi tədiqat musiqi kabinetinin fəaliyyəti xüsusilə təqdirə layiqdir.[2] Kabinetin işinə gənc bəstəkarlardan Qara Qarayev, Cövdət Hacıyev, Zakir Bağırov, Asəf Zeynallı, Səid Rüstəmov, Tofiq Quliyev cəlb olundular və həm ekspedisiyalar zamanı, həm də stasionar şəraitdə xanəndələrin sazəndələrin, aşıqların, zurna ifaçılarının repertuarından külli miqdarda xalq musiqi numunələri və dastanlar yazıya köçürüldü.[2] Azərbaycanın bir sıra zonalarına (Qarabağ, Lənkəran, Nuxa, Gəncə, Quba) habelə qonşu Ermənistan və Gürcüstanın azərbaycanlılarla məskunlşdırılmış rayonlarına) təşkil olunan uzunmüddətli ekspedisiyalar olduqca səmərəli keçdi.[2] 1930-cu illərdə həmçinin xalq musiqisi nümunələrinin (mahnı, oyun havaları və rənglərin) nota yazılması və nəşri sayəsində təqdirəlayiq işlər görüldü.[2] 1938-ci ildə nəşr olunmuş “50 Azərbaycan el mahnıları” məcmuəsinə Cabbar Qaryağdıoğlu oxuduğu mahnılar daxil olmuşdursa, A. Əliverdibəyovun təqdim etdiyi nümunələr daha sonralar nəşr olunmuş mahnı toplularında yer aldı.[2] Hər iki sənətkar Qarabağ oxuma məktəbinin nümayəndələri olaraq, sənətin sirlərinə dərindən bələd idilər.[2] Eyni zamanda qeyd olunan məcmuələrdəki mahnı materiallarının nəzərdən keçrilməsi belə qənaətə gəlməyə əsas verir ki, onların arasında sırf xanəndələrə məxsus nümunələrlə yanaşı, o zamanlar xalq arasında şöhrət tapmış və həvəskarlar tərəfindən oxunan məişət mahnılarına da yer vermişdir.[2] Bülbülün redaktorluğu ilə nəşr olunmuş “Azərbaycan xalq mahnıları” məcmuəsinin hər iki cildində Səid Rüstəmovun nota aldığı nümunələr üstünkük təşkil etsələrdə, burada görkəmli bəstəkarlar Fikrət Əmirov və Tofiq Quliyevin də əməyi qeyd olunmalıdır.[2] Xüsusilə, Əmirovun notlaşdırdığı mahnılar içərisində toy mərasimi nəğmələri öz məzmunu və ifa forması etibarı ilə lirik xanəndə mahnılarından seçilir. Arasında üslubi ve eyni zamanda muxtelif janrlı bənzərliklər də az deyildir.[2] Lad-intonasiya məzmunu və metroritmik quruluş, mərasim və lirik məhəbbət mahnılarını birləşdirən ümumi cəhətdir.[2] Misal "Xoş gəldin", "Ay mübarək", "Toyun mübarək olsun", "Ay yol açın gəlin gəlir", "Aparmağa gəlmişik", "Almanı alma gəlin", "Xına yaxdı havası", "Eylən gələn". Digər tərəfdən, Fikrət Əmirovun not yazısında təqdim olunmuş bir sıra janrlar (halay mahnıları, "yar-yar" toy nəğmələri, can gülüm və nanaylar) xüsusi bir qrupda birləşir, və bir qayda olaraq qadınların toy və nişan məclislərində oxunurlar.[2] Autentik folklor, və ya yerli xalqın doğmaca malı olan bu janrlar arxaik qatlara aiddir və buna görə də Anadolu ilə başqa türk ellərinin folkloru ilə bənzər xüsusiyyətlərə malikdir.[2] Azərbaycan xalq mahnıları mövzu və məzmunun müxtəlifliyinə, musiqi və poetik dilin aydınlığına, rəngarəngliyinə görə bir neçə janr qrupuna ayrılır.[1] Onlardan əmək mahnılarını, mərasim mahnılarını, məişət (bura lirik mahnılar da daxildir) və tarixi mahnıları göstərmək olar.