Üzeyir HacıbəyovMüslüm Maqomayev

Müslüm Maqomayev

Müslüm Maqomayev (tam adı: Əbdülmüslüm Məhəmməd oğlu Maqomayev; 18 sentyabr 1885 – 28 iyul 1937) — Azərbaycan bəstəkarı, dirijor, pedaqoq, folklorşünas, ictimai xadim, Azərbaycan klassik musiqisinin təsisçilərindən biri, Azərbaycan musiqisində Avropa stilində ilk operanın müəllifi ("Nərgiz", 1935), Azərbaycanın əməkdar incəsənət xadimi (1935). Azərbaycan Dövlət Akademik Filarmoniyası Müslüm Maqomayev adını daşıyır. Müğənni Müslüm Maqomayevin babasıdır. Uşaqlıq illərindən musiqi ilə maraqlanırdı, məktəb illərində musiqi dərnəklərində iştirak edirdi, Zaqafqaziya Müəllimlər Seminarıyanın orkestrində ifa edirdi. Zaqafqaziya Müəllimlər Seminarıyada Üzeyir Hacıbəyov ilə tanış olub və ömür boyu yaxın dostluq edirdi. Semineriyanı bitirdikdən sonra əvvəl Şimali Qafqazda sonralar isə Azərbaycanda müəllim işləyirdi. Əbdulmüslim Maqomayev Bakıda tədris edərkən Üzeyir Hacıbəyovun rəhbərliyi altında olan Müsəlman opera truppası ilə ilk olaraq musiqiçi, sonra - dirijor və teatrın rəhbəri kimi əməkdaşlıq etməyə başladı. Daha sonra Azərbaycan SSR Xalq Təhsili Komissarlığında məsul vəzifələrdə çalışırdı. İki operanı - "Şah İsmayıl" və "Nərgiz" yazmışdır. "Nərgiz" operası Sovet mövzusunda ilk Azərbaycan operasıdır. O, həmçinin üç yüzə yaxın Azərbaycan xalq rəqslərinin, mahnılarının və digər melodiyalarının simfonik şərhinin müəllifidir. Maqomayevin əsərlərində Azərbaycanın milli incəsənətinin təsiri izlənilə bilər. Müslüm Maqomayev 1937-ci il, iyulun 28-də Nalçikdə vəfat edib.

Həyatı

Əslən Qax rayonunun İlisu kəndindəndir. Atası Məhəmməd Abdul oğlu gənc yaşlarında İlisu kəndində dəmirçilik etmiş və sonralar Vladiqafqaz şəhərinə köçmüşdür. Çeçen qızı ilə evlənərək burada yaşamışdır.[1] Əbdülmüslüm Məhəmməd oğlu Maqomayev 1885-ci ildə Qroznı şəhərində anadan olmuşdur.[2][3][4][5][6] Ailədə musiqiyə olan maraq Maqomayevin bir bəstəkar kimi formalaşmasında böyük rol oynamışdır.[7] Əbdülmüslümün ilk musiqi müəllimi onun böyük qardaşı Məhəmməd idi. Sonralar Qroznı şəhər məktəbində təhsil alarkən, Müslüm məktəb orkestrinin başçısı olub və həmçinin rəqs dərsləri tədris edirdi.[8] Rəsmdə uğur qazanmaq üçün məktəbin rəhbərliyi gəncin Sankt-Peterburqdakı incəsənət məktəbinə göndərilməsini təklif etdi, lakin ailənin maliyyə durumu buna imkan vermədi. Gələcək bəstəkar, 1900-cü ildə Qroznı şəhər məktəbin məzunu oldu.