Terminlər

Günəşin ətrafında hərəkət edən cismlər əsasən üç yerə bölünür: planetlər, cırtdan planetlər və kiçik Günəş sistemi cisimləri. Günəşin ətrafında hərəkət edən, özlərinə kürə forması verə biləcək kütləsi olan və orbitinin yaxın ətrafı təbii peykləri istisna olmaqla təmizlənmiş olan göy cismlərinə planet deyilir. Bilinən səkkiz planet vardır: Merkuri, Venera, Yer, Mars, Yupiter, Saturn, Uran və Neptun. Planetlərin Günəşdən olan uzaqlıqları orbitləri boyunca fərqlənir. Planetlərin Günəşə ən yaxın olan məsafələrinə perigeliy, ən uzaq olan məsafələrinə isə afeliy deyilir.24 avqust 2006-cı ildə Beynəlxalq Astronomiya İttifaqı planet anlayışının dəqiq təsvirini verərək Plutonu səsvermə ilə planetlər sırasından çıxartmış və cırtdan planetlər sırasına daxil etmişdir. Plutonla birlikdə Serera, Erida, Haumea və Makemake də yeni anlayış olan cırtdan planetlər sırasına qatılmışdır.Cırtdan planetlər Günəşin ətrafında hərəkət edən, özlərinə kürə forması verə biləcək kütləsi olan, ancaq orbitlərindəki digər göy cismlərini təmizləyə bilməyən göy cismlərinə deyilir. Vesta, Pallas, Haygiya və Xaron Günəş sistemindəki cırtdan planet olmağa namizədlərdir.Planetlər və cırtdan planetlərdən olmayan digər Günəş sistemi cismlərinə isə kiçik Günəş sistemi cismləri deyilir.Təbii peyklər planetlərin, cırtdan planetlərin və digər göy cismlərinin ətrafında dolanan göy cismləridir.Astronomlar əsasən Günəş sistemindəki məsafələri Astronomik Vahidlə (AV) ölçürlər. 1 AV Günəş ilə Yer arasındakı uzaqlığa bərabərdir. Hal-hazırda qəbul olunan dəyəri 149 597 870 691 ± 30 metrdir. Ulduzlararası məsafə ölçü vahidi olan İşıq ili təqribən 63240 AV-yə bərabərdir.Günəş sistemi bəzən qeyri-rəsmi olaraq fərqli bölgələrə ayrılır. İç Günəş sistemi adlandırılan hissəyə ilk dörd planet və Asteroid qurşağı daxildir. Bəzi astronomlar Asteroid qurşağından qıraqda qalan bölgəni Xarici Günəş sistemi adlandırırlar.Digər astronomlar isə Yupiter, Saturn, Uran və Neptunun yerləşdiyi bölgəni Orta Günəş sistemi, qalan hissəni isə Neptundan kənarda qalan bölgə adlandırırlar.