Dövlət bayrağıDövlət gerbi Dövlət Himni

Azərbaycanın Dövlət Gerbi

Azərbaycan Respublikasının Dövlət gerbi Azərbaycan dövlətinin müstəqilliyinin rəmzidir. Müasir Dövlət gerbi Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış gerb layihəsinin müəyyən dəyişikliklər edilmiş formasıdır. Azərbaycanın Dövlət gerbi haqqında Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1920-ci il yanvarın 30-da müsabiqə elan edib və müsabiqədən keçəcək gerb nümunəsinin həmin il mayın 28-də qəbul ediləcəyi haqqında qərar çıxarıb. Lakin 1920-ci il aprel ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsi nəticəsində Dövlət gerbi haqqında qərarın qəbul edilməsi mümkün olmayıb. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Dövlət gerbi ilə bağlı məsələni müzakirə edərək, Azərbaycan SSR Ali Soveti qarşısında Azərbaycanın Dövlət gerbinin hazırlanması üçün yeni müsabiqənin elan olunması haqqında vəsatət qaldırıb. Müsabiqə 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə elan olunub və 1993-cü il yanvarın 19-da Konstitusiya qanunu ilə 1919-1920-ci illərdə hazırlanmış Dövlət gerbi layihələrindən biri müəyyən dəyişikliklərlə Azərbaycan Respublikasının Dövlət gerbi kimi təsdiq edilib. Azərbaycan Respublikasının Dövlət gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən Şərq qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan Respublikası Dövlət bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri var. Azərbaycan Respublikası Dövlət gerbinin rəngli təsvirində ulduz ağ, alov qırmızı, palıd budaqları yaşıl, sünbüllər sarı rəngdədir. Qalxanın və ulduzun sağanaqları, habelə qalxanın düymələri və palıd qozaları qızılıdır.