Biologiya Kimya

Biokimya.

XIX əsrin axırı, XX əsrin əvvəllərində xaricdə yaranmışdır. Konkret olaraq, 1903-cü ildə K.Neyberq biokimya terminini elmə daxil etmişdir. Qeyd edilən vaxtdan əvvəl biokimyaya dair məsələlər üzvi kimya və fiziologiyaya aid edilirdi. Tarixən uzun dövrü əhatə edən əlkimya biokimyaya dair heç bir konkret məsələləri həll etməmişdir. Yalnız XVI-XVII əsrlərdə hökm sürmüş yatrokimya irəliyə doğru bir addım ataraq kimya ilə tibb arasında əlaqə yaratmışdır. Heç də təsadüfi deyildir ki, yunanca «iatros» sözü həkim deməkdir. Yatrokimyanın ən görkəmli nümayəndəsi alman həkim və təbiətşünası T.Parasels olmuşdur. O, hesab edirdi ki, insanın həyat fəaliyyətinin əsasını kimyəvi proseslər təşkil edir. Ona görə də insanda hər hansı bir xəstəliyin səbəbini kimyəvi prosesin pozulmasında axtarmaq lazımdır. Lakin canlı orqanizmin həyat fəaliyyətinin əsasını təşkil edən kimyəvi qanunauyğunluqlar və fermentativ proseslərin dərk edilməsində yatrokimyaçılar da aciz idilər. Çünki qeyd edilən vaxtda fiziki və kimyəvi qanunlar haqqında biliklər yox dərəcəsində idi. Digər tərəfdən üzvi maddələrin element analizi üsulları hazırlanmamışdı. Bundan əlavə, ən vacibi, istər yatrokimyaçıların və istərsə də əlkimyaçıların dünya-görüşlərində vitalist (həyat qüvvəsi) nəzəriyyə hökm sürürdü. Biokimyanın elmi əsaslarının ilk rüşeymləri XVIII əsrin ikinci yarısında fiziologiyada kimya metodlarının tətbiqi ilə yarandı. 1770-ci ildə A.Lavuazye insanın və heyvanların tənəffüsünün kimyəvi nöqteyi-nəzərdən oksidləşmə olduğunu sübut etdi. 1772-ci ildə C.Pristli və 1779-cu ildə Y.İntexanz fotosintez prosesini kəşf etdilər. İtalyan keşişi L.Spallansani həzm prosesinə mürəkkəb zəncirvari çevrilmə kimi baxırdı. 1828-ci ildə alman alimi F.Völer ammonium-sianatı qızdıraraq karbamidə çevirdi. O, bununla da vitalist (həyat qüvvəsi) nəzəriyyəsinin puç olduğunu sübut etdi. Qıcqırma sahəsində aparılan tədqiqatlar əsasında yeni məlumatlar toplanıldı. Hələ 1815-ci ildə J.Qey-Lüssak qlükozanın etil spirtinə çevrilməsi təklifini verdi. Y. Berselius qıcqırmanın katalitik proses olması postulatını irəli sürdü. L.Pasterə görə qıcqırma yalnız canlı orqanizmlərdə gedir. Y.Libix hesab edirdi ki, qıcqırmanı aparan maya əslində katalizator rolunu oynayır. N.M.Manasseina 1877-ci ildə Rusiyada şəkərin ölmüş maya ilə qıcqırma prosesini nümayiş etdirdi. V.Künne ilk dəfə «enzim» elmə daxil etdi. Onun yunanca maya demək olduğunu göstərdi. 1897-ci ildə E.Büxner və P.Büxner qardaşları mayanın hüceyrəsiz ekstraktından zimazanı aldılar və onun qıcqırma apardığını təcrübədən keçirdilər. Bununla da müxtəlif maya ekstraktlarının alınması və onlardan geniş istifadə edilməsi müasir enzimologiya elminin əsasını qoydu.