Skripkanın incəlikləri Fortepiano haqda

Fortepiano

Fortepiano (ing. fortepiano) — simli-klavişli musiqi aləti [1]. Fortepianonun dizaynı royal və pianinonun birləşməsindən götürülüb. İtalyanca mənası isə "forte" - möhkəm, piano isə "səssiz" deməkdir.

Tarixçə

Hələ qədim zamanlarda Yunanıstanda "monoxord" (yunanca "monos" – tək, "chorde" – sim) adlanan musiqi aləti mövcud olmuşdur. Bu alət uzun, ensiz taxta qutuya birləşdirilmiş tək simdən ibarət idi. Daha sonralar qutuya birləşdirilən simlərin sayı artdı (iki, üç, dörd və s.) alətdə simləri barmaqla dartaraq və ya xüsusi muzrabla (mediatorla) bəzən isə balaca çəkiclərlə simlərə vuraraq çalırdılar. Əsrlər ötdükcə bu alət təkmilləşmiş, simlərin birləşdiyi düzbucaqlı qutunun bir tərəfində klaviatura – yəni bir neçə cərgədən ibarət klavişlər (latınca "clavis" – açar deməkdir) yerləşdirilmişdir. Ifaçı klavişlərə basdıqda metal lövhələr simlərə dəyərək səs yaradırdı. "Klavikord" (latınca "clavis" və yunanca "chorde" sözlərindən) adlanan bu alətin yaranması XII əsrə təsadüf edir.[2] Sonralar tədricən təkmilləşən klavikorda bir neçə klaviatura birləşdirildi. Pilləvari duzülən klaviaturaların hər biri alətin bir registrinə uyğun gəlirdi. Klavikord əsasən kübar cəmiyyətinə xas alət olub, zəngin naxışlarla bəzədilir, qiymətli ağac növlərindən hazırlanırd. XVII əsrin sonunda Fransada klavikordun alt dillərini (müasir royaldakı ağ dilləri) qara ağacdan, üst dilləri isə fil sümüyündən düzəldirdilər. Lakin belə klaviaturada çalmaq çətinlik törədirdi. XVIII əsrdən etibarən klaviaturanın dillərinin rəngi müasir pianino və royalda olduğu kimi qalmışdır. O, dövrdə müxtəlif ölkələrdə klavikordla yanaşı bir sıra başqa klavişli alətlər də yaranmışdı: klavisimbal, çembalo, vircinal, klavesin. Öz formasına və səslənmə xüsusiyyətinə görə royala daha yaxın olan klavesinin simləri müxtəlif uzunluqda olurdu. O, XV əsrdə, İtaliyada icad olunub. Klavesinin klavişlərinə birləşdirilmiş, xüsusi dilciklər (əsasən quş lələklərindən hazırlanan) simlərə toxunur və cingiltili səs alınırdı. Onun səsi qu səsi kimi aram-aram və zəifdir. Alətdə rəngarəng səslənmə keyfiyyəti əldə etmək məqsədilə ustalar müxtəlif üsullar axtarırdılar. Nəhayət, pedalın-ayaqla basılan xüsusi qarmağın vasitəsilə səsin gücünü azaltmaq və artırmaq mümkün oldu.